Bakının “Sovetski” məhəlləsində ümumi narazılıq davam edir.
Buna baxmayaraq hökumət bildirib ki, evlərinin sökülməsinə dövlət tərəfindən qərar verilmiş Bakının “Sovetski” məhəlləsində 55 ailə məhəllədən köçməyə razılıq verib. Bunu Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsinin köçürülməsi üzrə komissiyanın sədri Səməd İslamov bildirib.
O deyib ki, 55 ailə ilə müqavilələr imzalanıb və evlərinin sökülməsinə görə onlara çatacaq kompensasiya bank hesablarına köçürülüb. Həmin 55 ailədən 30-u artıq pulunu bankdan çıxara bilib.
Səməd İslamov qeyd edib ki, köçməyə razılaşmış 55 ailənin əksəriyyəti mənzil sahəsi geniş olanlardır və onlar böyük məbləğdə kompensasiya alıblar.
Komissiya sədri deyib ki, ərazidə sökülməsi planlaşdırılan obyektlərin qiymətləndirilməsi hələ aparılmayıb.
Baş nazirin müavini Abid Şərifovun və digər rəsmilərin fevralın 18-də “Sovetski” sakinləri ilə keçirdikləri görüşdə obyektlərin qiymətləndirilməsi məsələsi qaldırılmışdır. Amma, obyektlərin hər kvadratmetrinə görə neçə manat kompensasiya təklif olunacağı dəqiqləşməyib.
Ərazidə elə obyektlər var ki, sahəsi 5-10 kvadratmertdir və sakinlər oradan çörək pulu qazanırlar. Belə obyektlərin sahibləri deyirlər ki, onlar təklif olunan 7-10 min manat kompensasiya ilə başqa yerdə bir iş görə bilməzlər.
Qeyd edək ki, son günlərdə “Sovetski” sakinlərinin etiraz aksiyası hökuməti ciddi nigarançılığa salmışdır.