ABŞ Suriyada Bəşşar Əsəd hökuməti ilə müxalif olanların ixtiyarına 130 milyon dollar dəyərində hərbi təchizatlar vermək niyyətindədir.
ABŞ Dövlət Departamentinin bir rəsmisi aprelin 20-də adının gizli saxlanılması şərti ilə ifşa edib ki, dövlət katibi Con Kerri Türkiyənin İstanbul şəhərində “Suriyanın Dostları” yığıncağında ABŞ-ın Əsəd hökuməti ilə müxalif olanlara yardımları haqda danışacaq. Bu iclasın bu gün keçirilməsi qərara alınıb və “Suriyanın Dostları” qrupunun əsas üzvləri, o cümlədən Amerika, İngiltərə, Almaniya, Fransa, Səudiyyə Ərəbistanı və Qətər bu iclasda iştirak edəcəklər.
Bu rəsmi həmçinin deyib: Suriya müxalifətinə veriləcək hərbi təchizatlar piyada döyüşçülər üçün zireh, zirehli avtomobillər, gecə eynəkləri və modern rabitə vasitələrinə şamil olur.
Həmçinin, Ağ Evin sözçüsü Ci Karni cari ayın əvvəllərində bir mətbuat konfransında deyib: Vaşinqton indiyə kimi Suriya müxalifətinə 115 milyon dollar dəyərində yardımlar edib. Bununla yanaşı, ABŞ-ın Suriyada terrorçular üçün hərbi təlimlər keçdiyi haqda da məlumatlar daxil olur.
Suriya 2011-ci ilin martından daxili böhranın şahididir və Suriya hökuməti bu böhranın arxasında xarici amillərin durduğunu, böhranın bəzi xarici ölkələr tərəfindən idarə olunduğunu bildirir. Belə ki, hazırda Suriyada savaşan yaraqlıların çoxu digər ölkələrdən gətirilmiş terrorçulardır.