ABŞ Dövlət Departamenti Rusiyanın Misirdə keçiriləcək prezident seçkilərində general Əssisinin namizədliyini himayə etməsini tənqid edərək, bildirib: Misirin gələcəyini Rusiya prezidenti yox, Misir xalqı təyin etməlidir.
Vaşinqton həmçinin Misirdə cərəyan edən son hadisələrin Misir ilə Amerika arasındakı tarixi əlaqələrə heç bir zərər yetirmədiyini vurğulayıb.
Bu məlumata görə, Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Misirin müdafiə naziri general Əssisi ilə görüşdə tam aşkar formada onun Misirdə keçiriləcək prezident seçkilərindəki namizədliyini himayə edib.
Putin Əssisi ilə görüşdə deyib: Özüm və Rusiya xalqı adından sizə prezident seçkilərində uğurlar arzu edirəm.
RİA Novosti xəbər agentliyi də Rusiyanın Misirə 3 milyard dollar dəyərində silah ixrac etməsi barədə Moskva ilə Qahirə arasında ilkin razılığın əldə olunmasından xəbər verib.
Bu anlaşma Misir və Rusiya müdafiə nazirlərinin ötən gün Moskvada baş tutan görüşündə əldə olunub.
Bu anlaşma Miq-29M və Miq-29M2 qırıcılarının habelə, Mi-35 hərbi vertolyotlarının satışını əhatə edir.
Rusiya və Misir arasında silah satışı barəsində əldə olunmuş ilkin anlaşma Misirin müdafiə naziri və Misir silahlı qüvvələrinin baş qərargah rəisi Əbdülfəttah Əssisinin Moskvaya səfəri zamanı əldə olunub.
