İranda prezident seçkiləri namizədlərindən olan Həddad Adil bazar günü Təbrizin Tuba məscidində bu şəhər sakinləri ilə görüşdə deyib: Seçkilər Siyasi Qəhrəmanlığın bariz nümunəsidir. İran və Azərbaycan xalqı bu meydanda öz taleyini təyin etmə haqqından istifadə edərək, öz öhdələrinə düşən vəzifəyə əməl etmiş və siyasi qəhrəmanlıq yaratmış olacaq.
Həddad Adil əlavə edib: Etnik mənsubiyyətindən asılı olmayaraq hər bir iranlı İran xalqının bir parçasıdır və müxtəlif dil və mədəniyyətə malik olmasına baxmayaraq, iranlılar bir-birilərinin kənarında Tovuz quşunun lələkləri qədər gözəldirlər.
Prezident seçkiləri namizədlərindən olan Həddad Adil daha sonra deyib: Biz öz ana dilimiz habelə, ölkənin rəsmi dili olan fars dilini qorumaqla öz birliyimizi qorumuş oluruq. Buna görə də təfriqə yaratmaq məqsədilə kimlərinsə Fars və Azərbaycan dili arasında ixtilaf törətməsinə icazə vermək olmaz.
H.Adil İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycanla bağlı göstərişlərinə işarə edərək, deyib: Azərbaycan İranın başıdır və biz həmişə məktəbdə İranın xəritəsini onun başını çəkməklə başlamışıq.
O, Təbriz əhalisi qarşısındakı çıxışının davamında deyib: Türk dilinə hörmət edirəm və həmişə onu öyrənməyə həvəsim olub. Bu dili öyrənməklə azərbaycanlı həmvətənlərimlə daha yaxşı və daha artıq ünsiyyət qurmaq istəmişəm. Türk dili İslam İnqilabının Böyük Rəhbərinin də ana dilidir və o həzrətin də bu dilə böyük hörməti var. Bəzən o həzrətin görüşünə gedəndə mənim üçün Ustad Şəhriyarın “Heydər Baba”sını mənim üçün oxuyardı və mən Heydər Baba şerinin mənasını o həzrətdən öyrənmişəm.
H.Adil əlavə edib: Şəhriyar “Heydər Baba” ilə dünya səviyyəsində ölməz bir əsər yaratmış oldu. O, türk şerində birinci dərəcəli şair olduğu kimi, fars şerində də 1-ci dərəcəli şairdir.
İranda 11-ci dövr prezident seçkilərinin 8 namizədindən biri olan Həddad Adil həmçinin deyib: Son bir əsrdə Səttar Xan, Bağır Xan, Siqətül-İslam kimi övladlara və parlaq keçmişə malik olan Azərbaycan məşrutiyətdə də öncül olması ilə fəxr edə bilər.
Həddad Adil sonda deyib: Təbriz bazarında olduğum zaman bu bazarın işıqlarının yandığını gördüm və sevindim ki, bu bazarda ticarət fəaliyyətləri tam rövnəqlə davam edir.
H.Adil əlavə edib: Uzun illərdir ki, Təbriz ayaqqabısı geyinirəm. Bu şəhər əhalisinin bacarığına və sənətkarlığına etimadım böyükdür. Mən Tehranda addımlayarkən, hər atdığım addımda Təbrizi yad edirəm.