
Pakayin Qarabağ müharibəsi zamanı İranın erməni yaraqlılarına köməyi ilə bağlı iddiaya münasibət bildirib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri APA ilə müsahibədə Qarabağ müharibəsi zamanı erməni yaraqlılarının İran tərəfindən dəstəklənməsi ilə bağlı irdiplomacy internet saytının məlumatı barəsində mövqeyini belə bildirib: İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıyır və bu ölkənin müstəqilliyini dəstəkləyir.
Həmçinin Azərbaycan da İranın ərazi bütövlüyü və sərhədlərini rəsmən tanıyır. Bunlar əsas prinsiplərdir və diqqət mərkəzində durmalıdır.
Bu xəbərdə istinad olunan şəxsin hətta adının bəlli olmadığına toxunan Möhsün Pakayin deyib: Mən özüm bu barədə araşdırma apardım. Bu qərb mətbuatında dərc olunmuş bir mətnin tərcüməsidir. Həmin məqalənin başlığı “Təl-Əviv və Azərbaycan İrana qarşı”dır və bu məqalə məlum olduğu kimi İran və Azərbaycan Respublikası münasibətlərinə zərbə vurmaq məqsədilə yayımlanıb. Bu xəbər tamamilə əsassızdır.