Çexiyalı nazir İlham Əliyevdən üzr istəmək fikrində deyil
Çexiya KİV-ləri ölkənin XİN rəhbəri Karel Şvartsenberqin Azərbaycanda hakim rejimi “diktatura” adlandırması ilə bağlı qalmaqal haqqında çox yazır. Məlumatı Turan-a istinadla deyerler.org saytı verib.
Bəzi məlumatlara görə, Azərbaycan hakimiyyəti Şvartsenberqə bu ifadəyə görə üzr istəməli olduğu, əks halda Bakıya dəvət edilməyəcəyi barədə mesaj göndərib.
Xatırladaq ki, qalmaqal Şvratsenberqin martın 4-də Praqada Azərbaycanlı vəkil və hüquq müdafiəçisi İntiqam Əliyevi mükafatlandırma mərasimində çıxışından sonra başlayıb.
Nazir qeyd edib ki, Qərb özünü straus kimi aparmamalı və Azərbaycanda insan hüquqlarının pozulması fonunda başını qumun içində gizlətməməlidir.
“Mən həqiqətə görə üzr istəməyəcəyəm”, deyə Praqanın Pravo qəzeti nazirdən sitat gətirir.
Şvartsenberq apreldə Bakıya gəlməlidir, amma onu hələ dəvət etməyiblər. Yerevanda isə o, artıq olub.