İlham Əliyevin Moskva səfərilə bağlı qeyri-müəyyənlik davam edir
Ölkə başçısı İlham Əliyevin Moskva səfərilə bağlı müəmmalar davam edir. Xatırladaq ki, ölkə başçısının Moskvaya səfər etdiyi barədə məlumatı “Turan” Informasiya Agentliyi yayıb. Həmin məlumatda bildirilirdi ki, İlham Əliyev iyulun 31-də axşam saatlarında Moskvaya səfər edib.
FaktXəbər-in verdiyi məlumata görə, Prezident Administrasiyası (PA) bu məlumatı nə təkzib, nə də təsdiq edib. Adıçəkilən qurumdan məsələ ilə bağlı absurd açıqlama verilib: “Bizdə bu barədə məlumat yoxdur”.
Daha sonra isə bəlli olub ki, PA-dan “Turan”a zəng edərək agentliyi təhdid ediblər. Bu barədə “Turan”ın rəhbəri Mehman Əliyev də açıqlamalarında bildirib.
İlham Əliyevin Moskvaya səfər etməsilə bağlı yayılan məlumatın üstündən artıq 4 gün keçib. Hələki qeyri-müəyyənlik davam edir. PA Ilham Əliyevin nə ölkədə olduğunu deyir, nə də Moskvada. Heç Ilham Əliyevin hansısa başqa ölkəyə səfər etdiyi də deyilmir.
“Azadlıq”ın araşdırmaları zamanı bəlli olub ki, rəsmi KIV-lərdə 4 gündür ki, Ilham Əliyev haqqında yeni məlumat yoxdur. Ölkə başçısının rəsmi saytı prezident.az-da şəxsən onun iştirak etdiyi görüşlər və tədbirlər barədə son məlumat iyulun 26-da yerləşdirilib.
Rəsmi qəzetlər də prezidentlə bağlı bu günlər ərzində heç bir yeni məlumat dərc etməyiblər. Bu halda sual yaranır: Ilham Əliyev Moskvada deyilsə, bəs haradadır?