DünyaXƏBƏRLƏR

Şeyx küveytli iş adamından rüşvət alıb?

QMİ sədri küveytli iş adamından 200 min rüşvət alıb” ; onun küveytli iş adamı Saleh Aşurun qapadılmış cəmiyyətinin bərpası üçün rüşvət aldığı, ancaq işi yerinə yetirmədiyi iddia olunur.

Mətbuata Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə barədə ifşaedici məlumatların ötürülməsi davam edir. Bu dəfə QMİ sədrinin küveytli iş adamı Saleh Aşurla əlaqələri barədə iddialar yayılıb.
Yeni musavat-ın məlumatına görə, Şeyxülislam Bakıda bir dini mərkəzin bərpası üçün küveytli iş adamından pul alıb, ancaq sonradan mərkəzin bərpa olunmasını təmin etməyib.

Belə ki, 1997-ci ildə Azərbaycanda Saleh Aşurun maliyyə dəstəyi ilə “Əhli Beyt” cəmiyyəti təsis olunub. Ancaq “Əhli Beyt” cəmiyyətinin Yasamal rayonunda yerləşən ofisi 1998-ci ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qapadılıb. Məlumatda qeyd olunur ki, cəmiyyətin açılması üçün S.Aşur QMİ sədrinə pul verib: “Allahşükür Paşazadənin Küveyt səfərində Saleh Aşur ondan cəmiyyətin yenidən fəaliyyətə başlaması üçün yardım etməsini xahiş etdi. Allahşükür Paşazadə cəmiyyətin açılması üçün 200 min dollar lazım olduğunu bildirib. Və bu pulun hamısını dövlət məmurlarına vermək adı ilə alıb. Amma nə cəmiyyət açılıb, nə də 200 min dollar qaytarılıb”.

Məktub müəllifi yazır ki, Saleh Aşur indiyə kimi Küveytdə şiələrin həftəlik toplandığı “Divaniyə” adlı məclisdə Allahşükür Paşazadənin onun aldatması və 200 min dollar mənimsəməsini dilə gətirir. Məlumatda daha sonra qeyd olunur ki, Saleh Aşurun Azərbaycanda “Əhli Beyt” cəmiyyətini təsis etməkdə əsas məqsəd Gürcüstan və Dağıstanın Dərbənd şəhərində şiə təbliğatını gücləndirmək idi: “Amma Saleh Aşur bilmirdi ki, Rusiya nəinki vəhhabilərin, həmçinin ərəb şiələrinin də Qafqaza girməsinə razı olmayacaq”.

Qeyd edək ki, Saleh Aşur Azərbaycana tez-tez səfərlər edib və yerli rəsmilərlə yaxın münasibətlərə malik olub. Eyni zamanda onun Allahşükür Paşazadə ilə dostluq münasibətlərinin olduğu haqda da bilgilər var. S.Aşur dəfələrlə Bakıda olarkən şeyxin qonağı olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu