QMİ sədri İranın yeni seçilmiş prezidentini təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri bir müraciət ünvanlayaraq İran prezident seçkilərində qalib gəlməsi münasibəti ilə Həsən Ruhanini təbrik edib.
Allahşükür Paşazadənin Ruhaniyə ünvanlanmış müraciətində bildirilir: Dost və qardaş İran xalqının əksəriyyətinin etimadı ilə sizin prezident seçilməyiniz bizi səmimi qəlbdən sevindirdi. Çünki biz sizi həmişə dini dəyərlərin müdafiəçisi, Həzrət İmam Xomeyninin (rə) yaxınlarından biri və İranın mənafeyinin müdafiəsi və tərəqqisində əsaslı rola malik məşhur bir siyasətçi kimi tanımışıq.
Bu müraciətin davamında bildirilir: Arxayınam ki, siz hökumət təcrübələri və xüsusi mətinliyinizlə İran İslam Respublikasının inkişafı, daha artıq uğurların əldə olunması və İranın dünya səviyyəsindəki yerinin daha artıq möhkəmlənməsində uğur qazanacaqsınız.
Paşazadənin müraciətinin sonunda bildirilir: Ümidvarıq ki, inşallah, siz İran və Azərbaycan Respublikası xalqları və dövlətləri arasındakı mövcud tarixi dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi və həmrəyliyin möhkəmlənməsi istiqamətində öz səylərinizi əsirgəməyəcəksiniz.
