ARDNŞ-in “Star” Media Qrupunu hansı qiymətə aldığı açıqlanmır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin tanınmış Star Media Qrupunu alıb.
“Rixos” otellərinin patronu və Star Medya Grupunun ortağı Fettah Tamince ilə ARDNŞ rəsmiləri arasında danışıqlar sonda müsbət nəticəsini verib.
Qeyd edək ki, Star Media Qrupunun rəhbəri Fettah Tamince və Tehvit Karakayadır. Şirkətin “Star” qəzeti və “Kanal 24” televiziyası vardır. “Rixos”un rəhbəri Fettah Tamince Starın səhmlərini 2009-cu ildə Ethem Sancakdan alıb.
Məlumat üçün bildirək ki, “Star” qəzeti 1999-cu ildə Uzan ailəsi tərəfindən yaradılıb. Ailə maliyyə böhranı ilə üzləşdiyi vaxt qəzet 2004-cü ildə dövlətin nəzdinə keçmişdi. 2006-cı ildə isə kiprli iş adamı Əli Özmen Safa qəzeti 8 milyon dollar qarşılığında almışdı.
Qeyd edək ki, ATV İnternational kanalı da artıq adını CBC kanalına dəyişib və ARDNŞ-ın mülkiyyətinə çevrilib.
Azərbaycan Dövlət Neft Şirkəti İngiltərənin BP neft şirkəti ilə nəhəng istismarçı müqavilələr imzalamasına görə dolayısı ilə İngiltərənin neft maraqlarının təminatçısına çevrilib. Elə buna görə də telekanalın CBC adlandırılmasında da İngiltərənin BBC kanalı nümunə götürülüb ki, bu da düşündürücü məqam sayılır.