Tehranın cümə namazı xətibi deyib: Dünya ölkələri başçılarının telefon danışıqlarının Amerika tərəfindən dinlənilməsi faktının ifşa edilməsi İslam İnqilabının əvvəllərində ABŞ-ın Tehrandakı casusluq yuvasının ələ keçirilməsində İranın haqlı olduğunu bir daha sübuta yetirib.
Ayətullah Əhmət Xatəmi bu gün Tehranın cümə namazı xütbələrində 4 noyabr(13 Aban, Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü günü) tarixi ərəfəsində olduğumuzu xatırladaraq, deyib: Dünyanın 25 ölkə başçısının o cümlədən Almaniya kansleri Angela Merkelin telefon danışıqlarının dinlənilməsi Amerikanın təcavüzkarlıq və özünü başqalarından üstün görməsi xislətindən mənşə alır.
Ayətullah Xatəmi əlavə edib: İran xalqı Quran-Kərimin təlimləri və göstərişləri əsasında hegemonçuluq quruluşu ilə mübarizəni həyatının ən önəmli şüarına çevirib.
Tehranın cümə namazı xətibi daha sonra müqaviməti hegemonçuluq quruluşu ilə yeganə mübarizə yolu adlandırıb və deyib: Təcrübələr sübut edib ki, Amerika heç vaxt ölkələrlə xoşməramlılığa əsaslanan münasibət qurmur və heç bir xalqın xeyrinə addım atmır.
Ayətullah Xatəmi sözlərinin davamında İranın 5+1 Qrupu ilə müzakirə aparan heyətinin yeni baxışlarını son dərəcə münasib və konstruktiv adlandırıb və deyib: Bu baxış tamamilə İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri habelə, izzət, hikmət və məsləhət əsasında olaraq İran xalqı tərəfindən himayə edilir.
Tehranın cümə namazı xətibi İranın nüvə işi ilə əlaqədar ABŞ-ın İran xalqına qarşı təhdidləri və hədə-qorxuları barədə də deyib: İran xalqı öz qanuni hüquqlarını təmin etmək üçün istənilən şəraitdə ABŞ-ın qarşısında dayanacaq.
Tehranın cümə namazı xətibi ABŞ-ın Suriya, İraq və Əfqanıstan xalqını qırğın etmələri və müsəlmanlar arasında ixtilaf törətmələri üçün terrorçular və təkfiri qüvvələri himayə etməsinə işarə edərək, deyib: Amerika İraq və Əfqanıstana hücum etməklə özünə qarşı nifrət hissinin artmasından başqa heç bir şeyə nail ola bilmədi və 10 il davam edən işğalçılığın ardınca heç bir nəticə əldə edə bilməyərək, İraqı tərk etməyə məcbur oldu.
Ayətullah Xatəmi BMT-nin xüsusi məruzəçisi Əhməd Şəhidin İranda insan haqlarının vəziyyəti ilə bağlı son hesabatına reaksiya olaraq deyib: Əhməd Şəhidin terrorçu qruplaşmaların yalan ifadələri əsasında hazırlanmış hesabatının heç bir dəyəri yoxdur və həqiqətləri əks etdirmir.
Tehranın cümə namazı xətibi əlavə edib: BMT-nin xüsusi məruzəçisi elə bir şəraitdə İranı insan haqlarını pozmaqda ittiham edir ki, Amerika dünyanın müxtəlif ölkələrində gizli zindanlarda insanlara qarşı ən acınacaqlı işgəncə metodlarından istifadə edir.
Ayətullah Xatəmi həmçinin, İranın cənub-şərqində, Səravan şəhərində 14 iranlı sərhədçinin şəhid olması münasibətilə şəhid ailələrinə və İran xalqına baş sağlığı verərək, deyib: İran İslam Respublikasının bu cinayətə cavabı qətiyyətli olacaq.
Tehranın cümə namazı xətibi İran İslam Respublikasını dünyada terrorizmin ən böyük qurbanlarından adlandırıb və Pakistan dövlətindən istəyib ki, Səravan terror aktına görə məsuliyyət daşıyan terrorçuların həbs edilərək, cəzalandırılmaları istiqamətində bütün imkanlarından istifadə etsin.
