Azərbaycanın İslami müqavimət tarixi
İslam-Azəri saytı “Azərbaycanın İslami müqavimət tarixindən” sərlövhəli silsilə yazının dərcinə başlayıb.
Kommunistlərin hahimiyyətə gəlməsini xatırlayan silsilədə oxuyuruq : “Azərbaycan xalqının dinini əlindən almaqla, onun başına misli görülməmiş faciələri gətirmək üçün ilk baxışdan heç bir maneə qalmır. Mühəmməd (s) və ali-Mühəmmədə (ə) misilsiz bağlılığı olan müsəlman Azərbaycan xalqından başqa. Lakin kommunistlər bu amili nəzərə almayaraq öz anti-İslam fəaliyyətlərinə start verirlər. Məktəblərdə dini tədrisin qadağasından və “Mübariz Allahsızlar Cəmiyyəti”nin yaradılmasından sonra onların bu istiqamətdə ilk addımı hicabla mübarizə olur. Bu da təsadüfi deyil. Çünki İslam dininin ayrılmaz hökmü olan hicab daima zalımlar cəbhəsinin nigarançılıq mənbəsi olmuşdur və olmaqdadır”.
Silsilə yazıda əlavə olunub : “Xanım Zeynəb (s.ə)-nın layiqli davamçıları olan namuslu Azərbaycan qadınları və onların qeyrətli ərləri də şura hökumətinin anti-hicab kampaniyasına başqa cür reaksiya verə bilməzdilər. Kommunistlərin qadınlar siyasətində mühum yer tutmuş Ayna Sultanova “Böyük oktyabr və Şimali Qafqaz və Zaqafqaziya qadınlarının azad olunması” kitabında yazır: “Çadranı atmış qadınların məsxərəyə qoyulması və onların ünvanına nalayiq sözlərin səsləndirilməsi halları kütləvi xarakter aldı.”
Yazı müəllifi Asim Məmmədov əlavə edib : “Başqa cür ola da bilməzdi. Çünki ana örpəyin müqəddəs anlam daşıdığı bir xalq üçün, pul və vəzifə müqabilində bu anlama xəyanət etmiş qadınlar acı istehza hissindən digər bir hiss doğura bilməzdi. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda anti-hicab zəhərli zehniyyətini meydana atmaqla kommunistlər yenilik gətirmədilər. Belə ki, hələ XIX-cu əsrdə Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazeh kimi materialist düşüncəli yazıçı və şairlər öz cizma-qaralarında hicabı atmağa dair çağırışlar edirdilər. Lakin onların çağırışları nə ziyalı təbəqə, nə də ki, sadə xalq arasında nəinki rəğbətlə qarşılanmamış, ümumiyyətlə ciddiyə alınmamışdır. Bu uğursuzluqdan dərs alan islamofoblar anlamışlar ki, Azərbaycan qadınlarının başlarından hicabı yalnız zor gücü ilə çıxarmaq mümkündür. Azərbaycan SSR Elmlər Akademiyasının “Azərbaycan tarixi” kitabında dərc olunmuş rəsmi statistikaya görə, 9 illik (1920-1929) anti-hicab təbliğatı ərzində cəmi 270 minə yaxın Azərbaycan qadını hicabı əynindən atmışdır. Bu isə qadınların ümumi sayından heç 30%-i təşkil etmirdi. Anti-hicab kampaniyası xalqımızın milli-mənəvi adət-ənənələrinə o qədər zidd idi ki, hətta sağçı yönümlü kommunistlər belə ona gizli, bəzən isə açıq şəkildə müxaliflik edirdilər. Beləki, Y.Baberovski “Düşmən hər yerdə var. Qafqazda stalinizm” kitabında yazır ki, Ordubadın ünlü kommunistlərindən biri öz həyat yoldaşına anti-hicab iclasında özünü necə aparmasının gərəkliyinə dair yazırdı: “Əgər səni çadranı atmağa məcbur etsələr, bu əmri iclasda mən versəm belə, sən çadranı əynindən çıxarma. Heç kəsin haqqı yoxdur ki, səni buna məcbur etsin.”
Müəllif silsiə məqalənin birinci hissəsinin sonunda əlavə edib : “Azərbaycan xalqının Şura hökumətinin anti-hicabi və ümumiyyətlə anti-islami və eləcə də anti-milli siyasətinə qarşı qiyamlar qaldırması özünü çox gözlətmədi…”