
Konqresmən Azərbaycanın enerjisindən danışdı
ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü konqresmən Henri Kuellar Azərbaycan Respublikasının Türkiyə, İsrail və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini bildirib.
Konqresmen bu yaxınlarda Azərbaycana səfər etdiyini qeyd edərək çox təhlükəli bölgədə yerləşən Azərbaycanın ABŞ-ın dostu olduğunu bildirib.
Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.
Konqresmen Kuellar Azərbaycan Respublikasının digər inkişaf etməkdə olan dövlətlər üçün model təşkil etdiyini də iddia edib.
Konqresmen təmsil etdiyi Texas ştatı kimi Azərbaycanın zəngin neft ölkəsi olduğunu bildirib və Qərbi Xəzər dənizinin nefti ilə təmin etdiyini, Türkiyə, İsrail və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini xüsusi qeyd edib. O, Azərbaycanın neftdən gəlirlərindən istifadə edərək, ciddi infrastruktur layihələrini həyata keçirdiyini və gəncləri təhsil almaq üçün xarici universitetlərə göndərməsini təqdir edib.
Amerikalı Konqresmen H. Kuellar bəyanatında öz həmkarlarını Azərbaycan və onun iqtisadiyyatı barədə öyrənməyə çağırıb.