Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda orta məktəblər və şiə zəvvarları hədəfə alan İraqda yeni kamikadze hücumlarını pisləyib.
İran Tələbələri İnformasiya Agentliyi İSNA-nın məlumatına görə, İraq paytaxtı Bağdadda son kamikadze hücumunda ən azı 22 nəfər həlak olub. Bu da bu ölkədə ən dəhşətli terror aktlarından biri olmuşdur.
Beynəlxalq Amnistiya Təşkilatında Yaxın Şərq və Şimali Afrika Proqramları üzrə məsul şəxsin müavini Həsibə Hac Səhravi deyib: Mülki vətəndaşların qəsdən qətlə yetirilməsi heç bir vəchlə əsaslandırıla bilməz. İraqdakı son kamikadze hücumları müharibə cinayətləridir və sivil vətəndaşların yeni kütləvi şəkildə qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətlərdən hesab oluna bilər.
İraqdakı son toqquşmalar elə bir həddə çatıb ki, son illərdə misilsiz sayılır. İndiyə qədər heç bir qruplaşma bu hücumların məsuliyyətini üzərinə götürməyib. Amma göründüyü qədəri ilə əl-Qaidə terrorçu qruplaşması bu hadisələrin əsas amilidir.
İraq hökumətinin statistikalarına əsasən cari ayın əvvəlindən indiyə qədər 229 mülki vətəndaş həlak olub və 2012-ci ilin əvvəlindən isə 6 mindən çox insan terror aktlarının qurbanı olmuşdur. Bu statistika 2008-ci ildən indiyə qədər ən yüksək olan göstəricidir.
