Daha bir əngəl “xarici ölkədə vergi ödəyici olan şəxslərin prezidentliyə namizədliyinin qadağandır”
Azərbaycan Respublikası Prezident seçkilərində Rüstəm İbrahimbəyovun namizədliyinə daha bir əngəl ortaya atılıb.
Əngəl Konstitusiya Məhkəməsinin xarici ölkədə vergi ödəyici olan şəxslərin prezidentliyə namizədliyinin qadağan edilməsi ilə bağlı 2003-cü ildəki şərhidir.
Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov bununla bağlı vurğulayıb : “Konstitusiya Məhkəməsinin xarici ölkədə vergi ödəyici olan şəxslərin prezidentliyə namizədliyinin qadağan edilməsi ilə bağlı şərhi 2003-cü ildə Rəsul Quliyevin ölkəyə qayıdıb, namizəd olmaması üçün qəbul edilmişdi. Ancaq bilirsiniz ki, Rəsul müəllim 2005-ci ildə parlament seçkilərində qeydiyyatdan keçib, seçkidə iştirak etdi. Buna görə də deyə bilərəm ki, həmin qərar Rüstəm müəllim üçün heç bir maneçilik törətmir”.
Eldar Namazov bildirib ki, 2005-ci ildə R.Quliyevin namizədliyi qeydə alındığı üçün həmin şərh özü hüquqi qüvvəsini itirmiş hesab edilir: “Ona görə də indi 2003-cü ilin qərarını bəhanə gətirmək mümkün deyil”.
E.Namazov deyib ki, o, R.İbrahimbəyovun xarici ölkədə vergi ödəyicisi olduğu barədə dəqiq bir söz deyə bilməz, ancaq bu məsələ ilə Milli Şuranın hüquqşünasları məşğul olur.
Milli Şuranın icra aparatının rəhbəri bəyan edib ki, qurumun hüquqşünasları R.İbrahimbəyovun namizədliyi ilə bağlı məsələni araşdırıblar və onun namizədliyinin qeydə alınmaması üçün Azərbaycan qanunvericiliyində hər hansı əngəl olmadığı qərarına gəliblər.
E.Namazov onu da deyib ki, avqustun ortasında təşəbbüs qrupu yaradılacaq və R.İbrahimbəyovun namizədliyi həmin təşəbbüs qrupu tərəfindən irəli sürüləcək.