
Daha bir dindar həbs olundu
Həbs olunan inanclı, Rzayev Elşad 2 ildir Azərbaycan Respublikasında davam edən hicab qadağasına görə Təhsil nazirliyinin qarşısında keçirilmiş üçüncü aksiyada iştirak edib.
Saxlanılan dindarın yaşlı anası gecə saatlarda polis bölməsinə çağırılıb. Vəkil Mənsur Bayramov İslamazeri-yə bildirib: “Birinci gün (25 fevral ) müvəkkilim Elşad Rzayevə baş çəkəcəm. Əgər onun bədənində hər-hansı xəsarət izləri olarsa, bu məsələni bütün dünyada işıqlandıracağıq. Buna səssiz qalmayacağıq.”
5 oktyabr aksiyasında iştirakına görə dindar Elşad Rzayev bu gün həbs olunmasına ruhanilər münasibət bidirib.

Quran elmləri mütəxəssisi Hacı Zülfüqar Mikayılzadə deyib:
” Birmənalı olaraq bildiririk ki, qardaşımıza qarşı qanundan kənar hər hansı təzyiq olarsa cavabı veriləcəkdir. ”
Ruhani Hacı Tale Bağırov Elşad Rzayevin həbsi ilə əlaqədar olaraq münasibət bildirib:
“Biz dəfələrlə Azerbaycanda baş verən haqsızlıqlara görə, hakimiyyəti tənqid etmişik. İnsanlara qarşı zorakılıq yolverilməzdir. Xüsusilə son zamanlar xalqımıza qarşı hakimiyyətin repressiyası artmaqdadır. Şübhəsiz bu təzyiqləri xalq seyirçi qismində qarşılamayacaq. İsmayıllı, Binə, Quba hadisələri, bundan əlavə 5 oktyabr “Hicaba azadlıq” aksiyası qeyd etdiklərimizə əyani bir sübutdur. Bizim də həbsimizlə müşayət olunan 6 may “Hicaba azadlıq” aksiyasında inanclılara, xüsusilə hicablı xanımlara qarşı olunan təhqir, xalqın mərd oğulları tərəfindən biganəliklə qarşılanmayacaqdır. İnanclıların heysiyyəti ilə oynayan hakimiyyətə 5 oktyabrda verilən layiqli cavab bunu sübut etdi. Hakimiyyət nümayəndələrinin 6 mayda xüsusi ilə qadınlara qarşı etdikləri zorakılığa görə, qəhrəmanlıq göstərərək bacılarının namusunu qoruyan qardaşlardan biri də Eşlad Rzayev idi. Onun 5 oktyabrda göstərdiyi fədakarlıqlar hələ də inanclıların dilindən düşmür və bu gün inanclılar onunla fəxr edirlər. Əziz qardaşımızın həbsi bizi olduqca narahat etdi. Dindarlar bu olaya çox həssaslıqla yanaşır və bu məsələ bizim diqqət mərkəzimizdədir. Elşad Rzayevə qarşı hər hansı qanuna zidd olan addımlar atılarsa inanclılar da buna haqlı olaraq laiqli cavab verəcəklərini sübut edəcəklər”.
