Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi- DEVAMM Bəxtiyar Sadıqovun ksenofob çıxışlarını pisləyən bəyanat yayıb.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Millət vəkili Bəxtiyar Sadıqovun “…zalda hicablı yoxdur”, “…bu, bizim uğurumuzdur”, “…hicaba qayıtmaq böyük səhvdir” kimi çıxışları aşkar ksenofobik səciyyəlidir.
Məsələnin absurdluğu ondadır ki, millək vəkilliyinə iddialı insan, bu dözümsüzlük nümayişini dini etiqad azadlığına həsr edilmiş konfransda sərgiləyib (!). Bu azmış kimi, B.Sadıqov hicab məhdudiyyəti kontekstində “…keçirilmiş tədbirlər öz nəticəsini verib”, “…görülmüş işlərin nəticəsidir” kimi ifadələr işlətməklə, dövlət orqanlarını və hakimiyyətə aid medianı dini etiqad azadlığını məhdudlaşdırmağa yönəli məqsədyönlü, planlı, ardıcıl fəaliyyətdə suçlayıb.
Halbuki, hakimiyyətin bütün eşelonlarında Azərbaycanda dini etiqad azadlığının tam təmin edilməsi, tolerantlıq ab-havasının qorunması hər zaman səsləndirilir və buna xüsusi vurğu edilir. İndi isə B.Sadıqovun çıxışından belə çıxır ki, dini etiqad azadlığının təmini ilə bağlı bütün iddialar qeyri-səmimidir?! B.Sadıqovun sözlərindən belə çıxır ki, yəni əslində dini etiqad azadlığını məhdudlaşdırmağa yönəli səsləndirilməyən planlı iş aparılır?!
DEVAMM olaraq illərdir xəbərdarlıq edirdik ki, məmurların zaman-zaman azan qadağası, məscid dağıdılması, hicab məhdudiyyəti cəhdləri – radikalizmin inkişafı üçün ən münbit şəraitdir.
