İran xalqı prezident seçkiləri namizədləri haqda bütün detalları bilmək istəyir.
İran İslam Respublikasının Radio və Televiziya təşkilatı bu baxışla prezident seçkiləri namizədlərinin ailə üzvlərini ikinci telekanalın Ailə proqramına dəvət edəcək. Bu verilişdə namizədlərin yaşam tərzi, əxlaqi xüsusiyyətləri haqda söhbət ediləcək.
Bu proqramda səy göstəriləcək ki, prezident olmaq istəyən şəxsin ailədə hansı münasibətlərə və rəftarlara malik olduğu xalqa çatdırılsın. Hansı yeməkləri xoşladığı, evdə yoxsa restoranda yemək yeməyə üstünlük verdiyi, əyləncə ilə arasının necə olduğu və digər məsələlər barədə namizədlərin hansı xüsusiyyətlərə malik olduğu Ailə proqramında araşdırılacaq.
Xatırladaq ki, İran televiziyası ilk dəfədir ki, prezidentliyə namizədlərin xalqa tanıtdırılmasında bu metoddan istifadə edir.
Son günlər ərzində 8 namizədin hamısının iştirakı ilə keçirilən tele-debat habelə, onların televiziya vasitəsilə canlı olaraq xalqa müraciət etmələri yalnız ölkə daxilində deyil, region və hətta dünya səviyyəsində mühüm xəbərlər sırasında yer alıb.
İran İslam Respublikası dini demokratiya adlandırılan demokratiyaya inanır.