Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri bu agentlik ilə İranın Atom Enerjisi Təşkilatı arasında əldə olunmuş anlaşma əsasında Gəçin mədəninə baxış keçirmək üçün Bəndər Abbasa gediblər.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvənd çərşənbə günü İRNA ilə müsahibədə deyib: Çox güman ki, MAQATE müfəttişləri bu gün günortadan sonraya kimi Gəçin mədənində aparacaqları müşahidələri yekunlaşdıraraq, Tehrana qayıdacaqlar.
Kamalvəndin dediyinə görə, MAQATE müfəttişləri öncədən təyin olunmuş proqram əsasında bu gecə İranı tərk etməlidirlər.
İranın Atom Enerjisi Təşkilatı və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik noyabrın 11-də Əməkdaşlı Çərçivəsi adlı müştərək bir bəyanat qəbul ediblər.
Bu bəyanata görə, İran agentlik ilə razılaşdırılmış 6 mövzu ilə bağlı lazımi informasiyaları bəyanatın imzalanmasından sonra, 3 ay müddətinə hazırlayaraq agentliyə təhvil verməlidir. Agentlik də bu prosesin izlənilməsi çərçivəsində direktorlar şurasına hesabat verəlidir.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və MAQATE-nin direktoru Yokio Amano tərəfindən imzalanmış bu müştərək bəyanata əsasən MAQATE müfəttişlərinə Ərak Ağır Su Reaktoru və Bəndər Abbasda yerləşən Gəçin mədəninə baxış keçirmək icazəsi verilmiş olur.
Həmçinin, İran digər 4 mövzu ilə bağlı yazılı şəkildə agentliyə hesabat verməlidir.
MAQATE müfəttişləri 8 dekabr 2013-cü il tarixində də Ərak Ağır Su Reaktoruna baxış keçirmişdilər.