İraqda bazar ertəsi günü törədilən terror aktları nəticəsində ən azı 38 nəfər həlak olub, 83 nəfər də yaralanıb.
Təhlükəsizlik rəsmiləri və şahidlər bildiriblər ki, bu aktlar əsasən bomba quraşdırılmış avtomobillərin partladılması nəticəsində olub.
Bağdadda bomba quraşdırılmış 7 avtomobilin partladılması nəticəsində 29 nəfər həlak olub, 63 nəfər də yaralanıb.
Bağdadın 60 km şimal-şərqində yerləşən Bəqubə şəhərində də 3 partlayış və bir yaşayış massivinə hücumda 9 nəfər həlak olub, 21 nəfər də yaralanıb.
Son aylarda İraqda terror aktlarının sayının artması nəticəsində onlarla nəfər dünyasını dəyişib və bu ölkəni az qala vətəndaş müharibəsi ilə üzləşdirəcək 2006-2007-ci illərin gərginlikləri ilə bağlı nigaranlıqları artırmışdır.
BMT-nin çıxardığı nəticələrə əsasən, İraqda sentyabr ayında 979 nəfər həlak olub. Beləliklə bu ay son 5 il ərzində İraqda ən qanlı aylardan birinə çevrilmişdir.
