Sionist İsrail rejimi öz ənənəsinə sadiq qalaraq bu il də uydurma erməni soyqırımını qeyd etmək üçün xüsusi tədbirlər görməkdədir.
Bununla əlaqədar olaraq bildirilir ki, işğal olunmuş Fələstinin və ya İsrailin ən çox erməni icmasının yaşadığı Petax-Tikva şəhərində qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsi qaldırılıb. Bu məqsədlə icmanın nümayəndələri adıçəkilən şəhərin meri İshaq Bravermanla görüşüblər. “Nairi”, “Noyan Tapan” və “Ararat” erməni icmalarını təmsil edən ermənilər merlə Petax-Tikvedə qondarma “erməni soyqırımı” abidəsinin ucaldılması məsələsini də müzakirə ediblər.
Bundan əlavə İsrail parlamenti – Knessetdə də ermənilərlə həmrəylik atmosferi hökm sürməkdədir. Xatırladaq ki, birinci dəfə 2012-ci ildə İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi müzakirəyə çıxarıldı və sionistlər bu yolla ilk növbədə Türkiyəyə və dolayısı ilə Azərbaycan Respublikasına xox gəlməyə başladılar. İrəvanda çıxan Hraparak qəzeti İsraildəki mənbələrə istinadla xəbər verir ki, Knessetin erməni soyqırımını 2015-ci ildə tanıması ehtimal olunur. İsrailli siyasi analitik Aleksandr Tsinker bunun hamıya sürpriz olacağını bildirərək Təl-Əvivin fələstinlilərlə müzakirəyə başı qarşdığı üçün soyqırımının tanınmasının bir ildən sonra baş tutacağını proqnoz etmişdir. Analitikin sözlərinə görə, Knessetdə soyqırımı məsələsini araşdıran təlim, mədəniyyət və idman komitəsi 2014-cü ildə həmin mövzunu öz gündəmində saxlayacaq.
Ekspert təəssüf hissi ilə qeyd edir ki, dünyanın 18 dövləti və ABŞ-ın 43 ştatı tərəfindən erməni soyqırımının tanındığı bir vaxta İsrail bu məsələdə gecikib. “Mən bir İsrail vətəndaşı və İsrail-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun təsisçisi olaraq əminəm ki, Xolokostu arxada qoymuş xalqın başqa bir xalqın üzləşdiyi tragediyanı inkar etməyə mənəvi haqqı yoxdur. Ona görə də 2012-ci ildə Knesset birinci addımı atdı”- deyə sionist ekspert əlavə edib.
Maraqlıdır ki, 99 il bundan öncə Osmanlı İmperiyasının sonlarında baş vermiş hadisələrə hüquqi qiymətin verilməsində israrlı olduğu halda 22 il bundan öncə , yaxın tarixdə Azərbaycan Respublikasının dilbər guşəsi olan Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşiliyi sadə bir faciə kimi yad etməkdən belə çəkinib , hələ qalsın bu tragediyanın İsrail tərəfindən soyqırımı aktı kimi tanınması.
Görünən budur ki, İsrail rejimi bir tərəfdən ermənilərə dayaq olmaqla Qərb-Xristian blokunu özündən məmnun edib müxtəlif sahələrdə o cümlədən Fələstin münaqişəsinin çözülməsində ondan maksimum dəstək qazanmağı düşünür, digər tərəfdən isə yəhudi lobbisinin imkanlarını şişirdərək Türkiyədən və Azərbaycan Respublikasından yeni imtiyazlar qoparmaq istəyir.
Yeri gəlmişkən bildirək ki, Amerikanın yəhudi icması heç vaxt öz imkanlarından nə Türkiyənin , nə də ABŞ-ın xeyrinə istifadə etməmişlər və onlardan bu xüsusda mərhəmət gözləmək ən azı sadəlövhlük olardı. Əksinə yəhuddi lobbi təşkilatları erməniləri özlərinə müttəfiq seçmişlər və hər il konqresdə erməni soyqırımının müzakirəyə çıxarılmasında məhz bu təşkilatlar xüsusi canfəşanlıq göstərirlər. Hələ 2009-cu ilin oktyabr ayında ABŞ-dakı əsas yəhudi lobbi təşkilatlarından sayılan Anti-diffamasiya Cəmiyyətinin rəhbəri Abraham Foksman bildirmişdi ki, cəmiyyətin 1915-ci il “erməni soyqımı” barədə mövqeyi dəyişilməz qalıb. O, Obama administrasiyasını Osmanlı imperiyası zamanındakı 1915-ci il erməni “soyqırımı” adlandırılan faktı tanımağa səsləmişdi. Bu günlər isə daha bir yəhudi təşkilatı “erməni soyqırımı”nın necə deyərlər peşvazına çıxdı. Aprelin 11-də Bostondakı yəhudilər sinaqoqunda erməni soyqırımını yad etmək üçün xaxamlar tərəfindən möhtəşəm mərasim keçirildi və yəhudilərin yoldaşı Dikran Kaligiyan mərasim iştirakçılarını “ermənilərin faciəsi” ilə tanış etdi.
Birinci dünya müharibəsində ölən ermənilərə göz yaşı axıtmaqda ad açan xaxam Ron Fridman sözü gedən mərasimdə yəhudi ruhanilərinə tövsiyə edir ki, ermənilərə öz haqlarını əldə etməkdə və soyqırımının tanınmasında yardımçı olsunlar.
Bütün bu faktlar ona dəlalət edir ki, erməni-yəhudi lobbi təşkilatları arasında sıx bağlılıq var və onlardan müsəlman ölkəsinin xeyrinə hansısa bir addım atacaqlarını gözləmək yanlışlıqdır.
Belə bir şəraitdə əgər İsrail rejimi erməni soyqırımı tanıyarsa, buna təbii yanaşmaq lazımdır. Bu zaman həm Türkiyə , həm də Azərbaycan Respublikası Fələstin xalqının üzləşdiyi müsibəti sionist rejim tərəfindən törədilmiş əsl soyqırımı aktı kimi qəbul etməlidirlər. Əlbəttə onsuz da Fələstin xalqına dəstək vermək , onunla həmrəy olmaq hər bir müsəlmanın borcudur.
