Milli Şura İlham Əliyevin üçüncü dəfə prezident olmasını avtoritar istək adlandırıb
Azərbaycan Respublikası Demokratik Qüvvələrin Milli Şurası Prezident İlham Əliyevin üçüncü beşilliyə də hakimiyyətdə qalmaq istəyini bir avtoritar istək adlandırıb.
Milli Məclisə, Baş Prokurorluğa, Mərkəzi Seçki Komissiyasına müraciət edən Milli Şura vurğulayıb : “Bütün dünyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin xalqların taleyində nə kimi fəsadlara gətirib çıxardığının müzakirə olunduğu və belə bir ənənənin qarşısının kəsilməsi üçün yollar arandığı bir vaxtda İlham Əliyevin qeyri-qanuni olaraq üçüncü beşilliyə də hakimiyyətdə qalmaq istəyi bir avtoritarın dünyanın demokratik düzəninə meydan oxuyacaq son çırpıntıları kimi qiymətləndirilməlidir”.
Milli Şura müraciətində əlavə edib : “Baxmayaraq ki, İlham Əliyev 2009-cu ilin martında ölkə konstitusiyasını özünün üçüncü dəfə prezident olması üçün saxtalaşdırıb, ancaq yenə də hüququn ali prinsiplərindən biri – qanunun geriyə qüvvəsinin olmaması onun prezident seçkisində iştirakını qadağan edir”.