Nəhayət müxalifətin Milli Şurası Cəmil Həsənlinin timsalında özünün xarici siyasətinə müəyyən qədər aydınlıq gətirdi. Ənənəvi müxalifətin koalisiyası olan Milli Şuranın prezident seçkisində vahid namizədi Cəmil Həsənli “Yeni Müsavat” qəzeti ilə müsahibəsində bildirib: “İrana münasibətdə biz bu ölkədə bizim çox böyük sayda soydaşımız olmasını nəzərə almalıyıq. Mən düşünürəm ki, İran əhalisinin üçdə biri türklərdir.”
Azərbaycan Respublikası hökumətinin təbliğat maşınından təsir alan Cəmil Həsənli təəccüblü də olsa əlavə edib : “İran haqqında danışarkən son zamanlar yaranan yeni tendensiyadan da söz açmaq istəyirəm. Bir müddət öncə belə bir xəbər yayılmışdı ki, Azərbaycandan olan bir körpə səhiyyə xərcləri ödənmədiyi üçün İranda girov saxlanılır. Bu, yetərincə ciddi məsələdir. İran bizim zəif nöqtələrimizi çox gözəl tuta bildi və çox məharətlə də bundan istifadə eləyir.”
Həddən artıq bəsit görünən fikirlərinin davamında Cəmil Həsənli Türkiyə ilə münasibətlər isə belə xarakterizə edib : “Türkiyə bizim istinad yerimizdir. İnanın ki, həm 1918-ci ildə, həm ötən əsrin 90-cı illərində Türkiyədən aldığımız siyasi, mənəvi dəstək müqayisəyə gəlməz dərəcədə böyükdür. Bu gün üzərində oturduğumuz neft zənginliyinin azad olunmasında türk məhmətciyinin qanı var. O qan bəlkə də kimyəvi baxımdan neftin tərkibində məhmətciyin qanı var!”.
Göründüyü kimi dünya dəyişsə də, Azərbaycan Respublikasındakı bəzi siyasətçilər hələ də köhnə fikirlərində qalaraq beynəlxalq siyasəti düzgün analiz etməkdə çətinlik çəkirlər. Bu xüsusiyyət həm iqtidar düşərgəsinə aiddir, həm də qərbpərəst qüvvələrə. Və onlar belə düşünürlər ki, suverenliyin , milli hakimiyyətin və ən başlıcası ölkənin ərazi bütövlüyünün qorunması üçün milli resurslardan çox hansısa xarici dövlətə arxalanmaq lazımdır. Lakin unudurlar ki, hər bir dövlətin öz milli maraqları var və istənilən halda bu maraqlar Azərbaycan Respublikasının maraqları ilə üst-üstə düşməyə bilər. Məsələn rəsmi Bakı Türkiyə-Ermənistan sərhədlərinin Qarabağın ermənilər tərəfindən işğal olunduğuna xatir bağlandığını təsəvvür etsə də, 2009-cu ilin oktyabr ayı məlum protokolların imzalanması Türkiyənin fərqli mənafeyə malik olduğunu və Bakının nigarançılığının ona əhəmiyyət kəsb etmədiyini əyani şəkildə ortaya qoydu. Ona görə də türk Məhmətciyinin qanı 1918-də Azərbaycanın müdafiəsi üçün deyil, o vaxt Bakı neftinə sahib çıxmağa görə və ingilislərlə rəqabət zamanı yerə axmışdır. Və maraqlıdır ki, ingilis qüvvələr Bakını tutandan sonra oxşar siyasəti davam etdirir və neftə nəzarətdən ötrü Bakıdan Batumiyə çəkilmiş neft kəmərini , eləcə də dəmiryolunu ələ keçirirlər. Elə isə Osmanlı İmperiyasının və ingilislərin Azərbaycana xidmət etdiklərini söyləmək sadəlövhlükdən başqa bir şey deyil və bəlkə də tarixçi Cəmil Həsənli bunlardan bixəbərdir.
İranla münasibətlərə gəlincə isə regional münasibətlərə təkid edib qonşu ölkənin geosiyasi və geostrateji əhəmiyyətini etiraf etmək yerinə Xalq Cəbhəsi hakimiyyətinin şüarlarını təkrarlamaq və iranofobiya zehniyyətində qalmaq ənənəvi düşərgənin dünyada gedən proseslərdən geridə qaldığını nümayiş etdirir. Bəlkə elə bu siyasi xəttə görədir ki, islamçıların lideri sayılan Mövsüm Səmədov və Abgül Süleymanov Milli Şuradan çıxdılar və onu yalnız xalqın maraqlarını müdafiə etdiyi zamana qədər dəstəklədiklərini bildirdilər.