Misir hökuməti İxvanül-Müslimin hərəkatını qeyri-qanuni elan etdi.
Misirin müvəqqəti prezidenti Ədli Mənsurun başçılıq etdiyi müvəqqəti hökumət İxvanül-Müslimin hərəkatının buraxılması və onun fəaliyyətinin qeyri-qanuni elan edilməsi barədə qərar qəbul edib.
İxvanül-Müslimin Hərəkatı ilk dəfə 1928-ci ildə Misirin İsmailiyyə şəhərində təsis edilib və daha sonra öz fəaliyyətini digər islam və ərəb ölkələrinə genişləndirib.
Bu məlumata görə, 2011-ci ildə Misirdə Hüsni Mübarək rejiminin devrilməsinin ardınca İxvanül-Müslimin hərəkatının fəaliyyəti rəsmiləşmiş oldu və rəsmi formada siyasi-ictimai fəaliyyətə başladı. Bundan öncə İxvanül-Müslimin hərəkatı fəaliyyəti qadağan edilmiş bir hərəkat sayılırdı. Bu hərəkatın üzvləri yalnız müstəqil namizəd olaraq Parlamentə qatılır və dini-ictimai məsələlərə diqqət göstərirdilər.
2012-ci ildə Misirdə Hüsni Mübarək rejiminin devrilməsindən sonra keçirilən ilk demokratik prezident seçkilərində İxvanül-Müslimin hərəkatına bağlı Azadlıq və Ədalət Partiyasının sədri Məhəmməd Mursi seçkilərin qalibi oldu.
Mursiyə qarşı hərbi çevrilişin ardınca İxvanül-Müslimin hərəkatının tərəfdarları ilə Misir ordusu və Mursinin müxalifləri arasında çıxan toqquşmalar indiyə kimi davam edir və müvəqqəti hökumət indiyə kimi İxvanül-Müslimin hərəkatının bir çox rəhbər üzvünü həbs edib.