Bu gün Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın təşkilatçılığı ilə Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarının ildönümünə həsr olunmuş “Qarabağ savaşı və şəhidlik məktəbi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Qarabağ veteran və qaziləri, vətəndaş cəmiyyəti, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü açan “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli bildirdi ki, bütün İslam dünyası Qarabağ probleminin həllində Azərbaycana dəstək verməlidir: “Bizim məqsədimiz xalqımızın qələbə inamını özünə qaytarmaqdır. Dinlə döyüş vəhdət təşkil etməlidir. Yalnız İmam Hüseyn məktəbini dərk etməklə, Qarabağa qayıda bilərik”.
Sonra çıxış edən QAT sədri Akif Nağı bildirdi: “Azərbaycan əsgəri həmişə şücaət və qorxmazlıq göstərməklə yanaşı, şəhidliyə hazır olub. Sadəcə 90-cı illərin əvvəllərində idarəetmədə həyata keçirilən yanlışlıqlar və xəyanətlər məğlubiyyətə yol açdı.
Tədbirin davamında çıxış edən ilahiyyatçı alim Sərdar Hacıhəsənli ilk öncə İmam Hüseyn (ə)-ın təvəllüdü münasibəti ilə təbriklərini çatdırdı: “Hər bir millətin inkişafı və mübarizliyi üçün nümunə olacaq şəxsiyyətlərə ehtiyacı var. Cəmiyyətə qəhrəmanlıq və şəhadət ruhiyyəsi aşılanmalıdır. Bu gün Azərbaycanın süngüsündən çox əqidəsində yenilməz insanlara ehtiyac var. Biz inanclı olaraq Qarabağı nəyin ki, hər hansı bir dövlətin tərkib hissəsi kimi, eyni halda ora islamın və müsəlmanların heysiyyət məsələsi kimi baxırıq.”
Tədbirdə çıxış edən Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, İmam Hüseyn(ə)-ın məktəbi bir fasiləsizlik və daimilik məktəbidir: “ İmam Hüseyn(ə)-ın sahib olduğu dəyərlər daima aktivliyini itirməyib. Çox təəssüf ki, Azərbaycanda bu dəyərlər cəmiyyətə təbliğ olunmur. Lakin bu günkü tədbirlə sanki ürəyimə bir rahatçılıq gəldi.”
Sonra çıxış edən AİP-in sədr müavini Akif Heydərli həbsdə olan partiya lideri Doktor Möhsün Səmədov dedi: “Çox istərdim ki, siyasi partiyalara və təşkilatlara rəhbərlik edən şəxslər və tərəfdarları İmam Hüseyn(ə)-dan dərs alsın. Hesab edirəm ki, düşmənin rus, erməni, ingilisində asılı olmayaraq Azərbaycan xalqı şəhidliyi hazırdırsa, əminəm ki, çox qısa bir zaman ərzində torpaqlarımızı işğaldan azad edərik.”
