BMT Baş Assambleyasında martın 27-də Ukrayna ilə bağlı səsvermə gözlənilən, lakin eyni zamanda maraqlı nəticələr doğurub. Azərbaycan Respublikası Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 100 ölkə sırasında yer almışdır.
Postsovet ölkələrindən yalnız Ermənistan, Rusiya və Belarus Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyib. Hazırda AR-da bəzi şərhçilər bildirirlər ki, Ermənistan gec-tez bu mövqeyinin altını çəkəcək və Qarabağ münaqişəsinin həlli məsələsində Qərbin dəstəyini itirəcəkdir. Həmin şərhçilərin arqumenti belədir ki, Ermənistan dövləti Azərbaycan Respublikasından fəqli olaraq demokratik dünyadan özünü təcrid etdi və necə deyərlər totalitar rejimlərə qısıldı. Ona görə də məntiqlə bundan sonra Avropa Şurası , Avropa Birliyi , ATƏT və bu kimi qurumlara üzv dövlətlər Azərbaycan Respublikasını dəstəkləyəcəklər. Bəs görəsən bu kimi təhlillər nə dərəcədə reallığı əks etdirir? Doğurdanmı bütün qərarlarında adətən xristianlıq təəssübkeşliyindən çıxış edən Qərbin aparıcı dövlətləri Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu Ermənistanın , daha doğrusu Rusiyanın caynağından çıxarıb Azərbaycan Respublikasına təhvil verəcəklər?
Beynəlxalq siyasətin mahiyyətindən xəbəri olan hər kəs yaxşı anlayır ki, böyük dövlətlərin qərarlarında çoxlu amillər rol oynayır və onlar istənilən halda hər bir məsələdə sövdələşə bilərlər. Ona görə də Qarabağ konfliktinin həlli məsələsində həmin dövlətlərin birdən-birə erməni separatçılarına öz müqəddəratlarını təyin etmə haqqını verən prinsipial mövqelərindən geri çəkilməsi inandırıcı deyildir. ATƏT Minsk Qrupuna həmsədrlik edən ABŞ , Fransa və Rusiya artıq 2007-ci ildən Madrid Prinsipləri çərçivəsində Qarabağın taleyi haqda ortaq məxrəcə gəlmişlər və istər Kosovonun müstəqilliyi olsun, istərsə də 2014-cü il 16 mart tarixində Krımda keçirilən referendumdan çox qabaq Dağlıq Qarabağda referendum məsələsi həll olunub. Maraqlıdır ki, rəsmi Bakı da onların bu mövqeyinə ilkin razılığını bildirib. Belə bir şəraitdə həmsədr ölkələrin öz mövqelərini 180 dərəcə dəyişərək Azərbaycanın xeyrinə addım atmalarını gözləmək sadəlövhlükdən başqa bir şey deyildir. Həm də ona görə ki, keçmiş SSRİ coğrafiyasındakı digər dondurulmuş münaqişələrdən fərqli olaraq Qarabağ məsələsində yanaşma təqribən eynidir. Ona görə də rəsmi Bakının BMT-də və digər beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və ya əksinə Ermənistan və Belorus kimi Kremlin ekspansiyaçı siyasətinə qoşulması Qarabağ konfliktinin ədalətli həllini təmin etməyəcəkdir.
Unutmaq olmaz ki, son illər Qərbin neft şirkətlərinə enerji sahəsində imtiyazlar veriləndə, İraqa, Kosovoya və Əfqanıstana sülhməramlı hərbi kontingent göndəriləndə , rəsmi Bakı mütləq bu xidmətlərinin nəzərə alınacağını və Qarabağ məsələsində dəstək alacağını düşünürdü. Halbuki hökumətin bütün bu gözləntiləri boşa çıxdı və Minsk Qrupunda həlledici mövqeyə malik olan Qərbdən heç cür vəfadarlıq görmədi. Üstəlik onlar Azərbaycan hakimiyyətinə münaqişənin həllində güc tətbiq etməsi barədə xəbərdarlıq etdilər və Ermənistan qoşunlarının atəşkəs qaydalarını pozmasına göz yumdular.
Beləliklə də AR-nin BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qətnamə layihəsinin lehinə səs verməsi normal və zəruri addım olsa da, bunun Qarabağ münaqişəsində rəsmi Bakıya hansısa divident qazandıracağını düşünmək mənasızdır. Başqa sözlə Qarabağ , Kosovo , Abxaziya , Cənubu Osetiya və Krım münaqişələri başqa-başqa məsələlərdir. Qərb Ermənistanı özündən incik salmaq istəməz və Cənubi Qafqaz üçün hazırladığı uzunmüddətli strategiyasında Ermənistanın da Qərbə inteqrasiyası nəzərdə tutulmuşdur. Bu baxımdan Ermənistan BMT-dəki səsvermədə Rusiyanı dəstəkləməsinə görə cəzalandırılmayacaq və onun bu hərəkəti Rusiya ilə münasibətlərində taktiki bir qərar kimi qəbul olunacaq.