ABŞ ordusunun Quantanamo adlı mənfur hərbi düşərgəsində qeyri-qanuni şəkildə saxlanılan məhbusların aclıq aksiyası 100-cü günə daxil olub. Bu isə istər Amerikada istərsə də dünyada Quantanamo məhbəsinin bağlanması ilə bağlı tələblərin artmasına səbəb olub.
Quantanamo düşərgəsində saxlanılan 166 məhbusun 130 nəfəri cari ilin fevral ayından zindan gözətçilərinin onlarla qeyri-insani, qeyri-əxlaqi və qanundan kənar rəftarlarına etiraz olaraq aclıq aksiyasına başlayıb. Buna baxmayaraq, zindan gözətçiləri hələ də məhbuslara qarşı qeyri qanuni rəftarları davam etdirir, onların şəxsi əşyalarını əllərindən alır və Quran-Kərimə qarşı hörmətsiz davranırlar.
ABŞ ordusu həmçinin, aclıq aksiyasına qoşulan məhbuslardan 30-un zorla yeməyə məcbur etdiyini bildirib.
Məhbusların zorla yedizdirilməsi zamanı zindan gözətçiləri aclıq aksiyasına qoşulan məhbusu necə deyərlər “yemək” masasına bağlayır, daha sonra burunlarında mədələrinə qədər bir şlanq uzadaraq, onların mədəsinə maye yemək vururlar.