Rauf Mirqədirov: ermənilərlə təkcə Mən görüşməmişəm
MQ-nun dəstəyi və rəsmi Bakı ilə rəsmi İrəvanın razılığı əsasında cərəyan edən “xalq diplomatiyası” çərçivəsində erməni QHT-ləri ilə birgə layihədə iştirakı üçün Türkiyədən deportasiya və Bakıda həbs olunmuş “Ayna” – “Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirov bununla bağlı açıqlama verib.
Dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən Rauf Mirqədirov onunla görüşən hüquq müdafiəçisi Elçin Behbudova bildirib ki, ermənilərlə təkcə o görüşməyib.
E.Behbudov deyib : “Rauf mənə dedi ki, niyə təkcə onu həbs ediblər, anlaya bilmir. Həmin layihə çərçivəsində keçirilən tədbirlərdə Leyla və Arif Yunus da iştirak edib”.
Xanım Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistanın qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq layihələrinin iştirakçısı olmuş Rauf Mirqədirov aprelin 19-da tutulub.
O, Ermənistana casusluq etməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
