“Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyaya görə həbs olunmuş Nahid Qəhrəmanovun Nərimanov Rayon Məhkəməsində sentyabrın 18-nə təyin olunmuş prosesi təxirə düşüb. Vəkil Bəxtiyar Hacıyev “Media forum”a deyib ki, səbəb şahidlərin məhkəməyə gəlməməsi olub. Proses sentyabrın 25-nə təyin edilib.
Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə saxlanıb. Ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan olunub. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.