
İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik etiraf edir ki, İranın nüvə fəaliyyətlərində hansısa yayınma halının olması ilə bağlı heç bir fakt mövcud deyil.
Əli Əsğər Soltaniyə cümə axşamı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Yokio Amanonun İranın nüvə fəaliyyətləri ilə bağlı yeni hesabatı haqda deyib: Bu hesabata əsasən 10 il davam edən davamlı təftişlərdən sonra İranın nüvə fəaliyyətlərində hərbi məqsədlərə doğru hansısa yayınma halı ilə bağlı heç bir fakt əldə olunmayıb.
Ə.Soltaniyə əlavə edib: Y.Amanonun yeni hesabatına əsasən İranda uranın zənginləşdirilməsi prosesi heç bir problem olmadan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tam nəzarəti altında davam edir.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi vurğulayıb: Yokio Amanonun yeni hesabatına əsasən İranda uranın 20% həddində zənginləşdirilməsi sırf Tehran reaktorunun yanacaqla təmin edilməsi məqsədini daşıyır ki, bu reaktorun vəzifəsi dinc məqsədlərə və tibb sahəsində istifadə edilməsi üçün radioizotopların istehsalına xidmət etməkdir.
Soltaniyə daha sonra bildirib: İran İslam Respublikası hələ də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə müzakirələrə ümidvardır. Amma, İranın nüvə işinin həlli istiqamətində olan bu prosesin uğur qazanması üçün siyasi qərəzlərdən və yalan təbliğatlardan uzaq sakit bir atmosferə ehtiyac var.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun İranın nüvə fəaliyyətləri ilə bağlı yeni hesabatı cümə axşamı günü agentliyin direktorlar şurasının ixtiyarına verilib.
Y.Amanonun hesabatı ənənəvi olaraq, direktorlar şurasının mövsüm iclasından 10 gün öncə bu şuranın üzvlərinə təqdim edilir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının iclası martın 4-də Vyanada keçirilməlidir.