Ukraynanın daha bir bölgəsində respublika yaradıldığı elan edilib.
APA TV-nin məlumatına görə, Xarkov vilayət şurası Xarkov xalq respublikasının yaradıldığını bəyan edib. Qərar Xarkov vilayət şurasının növbədənkənar toplantısında rusiyameylli deputatlar tərəfindən qəbul olunub. Onlar bütün dövlət qurumlarının səlahiyyətlərini öz üzərilərinə götürdüklərini bəyan ediblər. Gecə saatlarında isə bir qrup şəxs Xarkov vilayət administrasiyasının binasına Molotov kokteylləri atıb. Nəticədə binada yanğın başlayıb.
Bundan əvvəl respublika yaradıldığı bildirilən Donetskdə Ukrayna hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatına başlanılıb. Əməliyyat zamanı Təhlükəsizlik Xidmətinin vilayət idarəsinin binası rusiyameylli şəxslərdən təmizlənib. Bu barədə məlumatı Ukraynanın Prezident Administrasiyasının rəhbəri Sergey Paşinski verib.
Ukraynanın Nikolayev vilayətində də toqquşmalar başlayıb. Bir qrup şəxs vilayət administrasiyasının binasına soxulmaq istəyib. Milis əməkdaşları onların qarşısını alıblar. Binanı ələ keçirmək istəyənlərin silahsız olduğu bildirilir. Onların əksəriyyətinin üzündə maska olub.
