İran İslam Respublikası xarici işlər naziri deyib: İran xalqının ABŞ-ın hərbi seçimlə bağlı təhdidlərinin davam etməsinə cavabı müqavimətdir.
Məhəmməd Cavad Zərif cümə axşamı Məşhəd şəhərində Təsnim xəbər agentliyi ilə müsahibədə bəzi ABŞ rəsmilərinin İrana qarşı son təhdidlərinə işarə edərək, deyib: Bu qeyri qanuni və mənasız sözlərin amerikalılar üçün heç bir faydası yoxdur.
Zərif əlavə edib: Təcrübələr göstərir ki, hərbi seçimdən istifadənin ABŞ üçün əlavə zərər və ziyandan başqa heç nəticəsi olmayıb.
İranın xarici işlər naziri İran İslam Respublikasının Amerikaya zərrə qədər də olsun etimad etmədiyini deyərək, vurğulayıb: Əgər Amerika əməldə öz öhdəliklərinə sadiq olarsa o zaman ixtilafların həlli istiqamətində danışıqların perspektivinə ümidvar olmaq olar. Çünki, İran xoşməramlılıq əsasında və əlbəttə ayıq-sayıq olaraq, müzakirələrə daxil olub.
Zərif ABŞ-ın İrana qarşı sanksiyalarının keçmişinə işarə edərək, deyib: Amerikanın İrana qarşı 35 illik sanksiyaları İranın siyasətlərində heç bir təsirə malik olmayıb və tam aydın formada demək lazımdır ki, bu sanksiyalara dünyada heç kəs riayət etməyib və etməyəcək də.