Suriya prezidenti Dəməşqin İsrail rejiminin yeni təcavüzlərini dərhal cavablandıracağını vurğulayaraq, ilk S-300 raket kompleksinin Rusiyadan təhvil alındığını bildirib.
Bəşşar Əsəd əl-Minar telekanalı ilə müsahibədə Suriya ordusunun İsrail rejiminin bu ölkə ərazisinə qarşı istənilən hücumunu dərhal cavablandıracağını deyərək, Suriya hökumətinin Colan yüksəkliklərini azad etmək üçün savaşa daxil olmaq istəyən suriyalı qrupların qarşısını almayacağını bildirib.
B.Əsəd həmçinin deyib: Suriya S-300 zenit raket komplekslərinin birinci yükünü Rusiyadan təhvil alıb və qalan yüklər də tezliklə əlimizə çatacaq.
Suriya prezidenti əlavə edib: Suriya ordusu silahlı qiyamçılar və terrorçular müqabilində böyük uğurlar əldə edib və hərbi tarazlığı Suriya ordusunun xeyrinə dəyişib.
Bəşşar Əsəd Suriya və Hizbullahın vahid ox ətrafında birləşdiklərini deyərək, Hizbullah qüvvələrinin Livanın Suriya ilə sərhəd məntəqələrində yerləşdiyini bilribi.
Əsəd əlavə edib: Amma, əslində silahlı qiyamçılara və terrorçulara qarşı savaşan Suriya ordusudur. Terrorçulara qarşı savaşı Suriya ordusu idarə edir və bu əməliyyat silahlı qiyamçılar və terrorçuların tam nəzarət altına alınacağı zamana kimi davam edəcək.
Suriya prezidenti silahlı qiyamçılar və terrorçuların silahlandırılması, maliyyələşdirilməsi və onlara dəstəyin verilməsində Türkiyə, Ərəbistan və Qətərin xüsusi rola malik olduğunu deyərək, onların bu çirkin əməlini pisləyib.
Əsəd Türkiyə, Ərəbistan və Qətərin dəstəyi ilə Suriyada hökumət və xalq əleyhinə savaşan ərəb və qeyri-ərəb terrorçuların sayının 100 min olduğunu da qeyd edib.
Bəşşar Əsəd daha sonra xarici ölkələrdə məskunlaşmış müxalifət liderlərinin rəftarlarını qınayaraq, Dəməşqin Cenevrə-2 konfransında iştirak edəcəyini bildirib.
Suriya prezidentinin əl-Minar kanalı ilə eksklüziv müsahibəsi tam formada bu gecə efirə veriləcək.