
Martın 12-də EL hərəkatı təqdim olunub. Bakıda, hərəkatın ofisində keçirilən təqdimat prosesində qurumun rəsmən yaradıldığı açıqlanıb.
Uzun müddətli hazırlıq işlərindən sonra nəhayət ki, “EL” Hərəkatının elan olunması üçün bu gün təşkilatçılar bir araya gəliblər.Hərəkatın təsisçilərindən olan Eldəniz Quliyev çıxış edərək təşkilatlarının yarandığını rəsmən elan edib.
Ziyalılar Birliyinin sədri və hərəkatın təsisçilərindən olan Eldəniz Quliyev çıxışı zamanı bildirdi: “El həm vətən, həm də ki, xalq deməkdir. Neçə illərdir ki, xalqımızın həm hüquqları tapdalanır, həm də ki, səsi oğurlanır. Hərəkatı yaratmaq məqsədimiz budur ki, adı çəkilən problemləri aradan qaldırmağa nail olaq.
Təşkilat Komitəsinin sədri Eldar Namazov isə bildirib ki, Azərbaycanın 35-dən çox şəhər və rayonunda “El” Hərəkatının təşəbbüs qrupu yaradılıb: “Ümid edirik ki, Azərbaycanı demokratik düşərgə ilə birgə bu durumdan çıxara bilərik.”
Hərəkata sədr Eldar Namazov seçilib. Təqdimat mərasiminin sonunda bəyanat verilib. Bəyanatda bildirilir ki, “El” Hərəkatı seçkiqabağı şəffaf və demokratik mühitin yaradılması üçün səsvermənin nəticələrinin saxtalaşdırılmasına qarşı təcili tədbirlər görülməsinə çalışacaq. Qurum eləcə də seçkilərdə özünün irəli sürdüyü və yaxud demokratik düşərgənin konsensus əsasında məqbul saydığı namizədin qalib gəlməsi üçün Azərbaycanın bütün ictimai-siyasi qurumları və siyasi qüvvələrlə dialoq əməkdaşlığına hazırdır.
DEVAMM sədri İlqar İbrahimoğlu təşkilatın adına diqqət çəkdi. O, qeyd etdi ki, təşkilatın adı kifayət qədər mənalı seçilib: “Ümid edirəm ki, “EL” hərəkatı elin dərdinə və problemlərinə yetişə bir qurum olacaq. Bu günə qədər ölkənin siyasi həyatında kifayət qədər bölücülük və qarşılıqlı suçlamalar olub. Bu bölücülüyü və ittihamları inanclı kəsim olaraq daha çox hiss etdik. Dindarlara qarşı təzyiqlər olanda demişdik ki, bu proses qeyri-inanclı kəsimə də gəlib çatacaq. Möhsün Səmədov və İlqar Məmmədovun həbsdə olması ondan xəbər verir ki, bu ölkədə kimliyindən asılı olmayaraq öz fikirlərini sərbəst ifadə edən hər bir kəsə qarşı basqılar mövcuddur. Hesab edirəm ki, “El” hərəkatı öz üzərinə düşən məsuliyyətin öhdəsindən lazımınca gələcək və bundan sonra məmləkətimizə gözəl günlər qismət olacaq.”
“El” Hərəkatının təqdimat mərasimində çıxış edən Nurəddin Mustafayev deyib: “Hətta bəzi siyasi liderlər gündəmdə qalmaq üçün şou-biznes nümayəndələri kimi qalmaqallı işlərlə məşğuldurlar”
AXCP sədri Əli Kərimli isə vurğulayıb: “Problemlərlə dolu ölkənin məsuliyyətini gənclərin çiyninə qoya bilmərik. Ona görə də yaşlı və orta təbəqənin də nümayəndələri bu proseslərə aktiv şəkildə qoşulmalıdır ”
“El” Hərəkatının təqdimat mərasimində digər çıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib: “Təbii ki, seçkilərdə xalq kimi dəstəkləsə biz də onun ətrafında birləşəcəyik”.