DünyaİranXƏBƏRLƏR

İran ABŞ-ın radara düşməyən kəşfiyyat təyyarəsini aşkar edib

İran İslam Respublikası ordusunun Xatəmül-Ənbiya(s.ə.s) havadan müdafiə qərargahının komandanı ordunun havadan müdafiə qüvvələrinin radara düşməyən əcnəbi uçan vasitələri izləməyə qadir olduğunu və onlara lazımi xəbərdarlıqların edildiyini bildirib.
İran ordusunun Xatəmül-Ənbiya(s.ə.s) havadan müdafiə qərargahının komandanı general Fərzad İsmaili bu gün bir mətbuat konfransında deyib: ABŞ-a məxsus bir ədəd U-2 tipli radara düşməyən kəşfiyyat təyyarəsi təqribən 1 ay öncə Oman dənizi üzərindən İranın cənub sərhədlərinə yaxınlaşmaq istəyərkən, Fars Körfəzi lokator mərkəzi tərəfindən aşkar edilib. Bunun ardınca həmin təyyarə dərhal İran ərazisindən uzaqlaşıb.
General İsmaili İran İslam Respublikası ordusunun Havadan Müdafiə Qərargahının 4 əsas missiyaya malik olduğunu deyərək, vurğulayıb: Düşmənin uçan obyektlərinin aşkar edilməsi, müəyyənləşdirilməsi, izlənilməsi və məhv edilməsi İranın Havadan Müdafiə Qərargahının 4 əsas vəzifəsidir.
Xatəmül-Ənbiya(s.ə.s) havadan müdafiə qərargahının komandanı əlavə edib: Bu qərargah regional və regiondan kənar təhdidləri nəzərə alaraq, İranın hava sərhədlərinin müdafiəsini ən mühüm prioritet olaraq qarşıya məqsəd qoyub.
General İsmaili daha sonra U-2 təyyarələrini strateji təyyarələr adlandırıb və deyib: ABŞ özünün qeyri-qanuni mənafeyini təmin etmək üçün bu təyyarələrdən istifadə edir.
General İsmaili sonda bildirib: Bu ABŞ təyyarəsi lokatorlardan gizlənmək xüsusiyyətinə malik olduğu üçün İranın cənub bölgələri üzərində uçuşlar həyata keçirərək, həssas məntəqələrin fotoşəkillərini çəkmək niyyətində olub. Amma, İran ordusunun Havadan Müdafiə Qüvvələrinin ayıqlığı nəticəsində bu təyyarə aşkar edilərək, ölkə sərhədlərindən uzaqlaşdırılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu