Yeni təhsil nazirinə xəbərdarlıq
Azərbaycan Respublikasında zülmə qarşı etirzlarına görə həbsdə saxlanılan mübariz ruhani Hacı Taleh Bağırov təhsil naziri Mikayıl Cabbarova müraciət edərək bir daha məktəblərdə hicaba azadlıq tələb edib.
Müraciətdə ilk olaraq ölkədə hicaba qoyulan qadağa və buna qarşı etirazlar yada salınır.
Hacı Taleh Bağırov vurğulayıb : “Mübarizəmiz ölkədə olan bütün qanunsuzluqlara qarşıdır. Qanunsuzluqların kökü Azərbaycanda olan rejimdədir. Üzümü hakimiyyətdə olanlara tutub deyirəm, nə qədər gec deyil, ayılın. İslamçılardan Qərbə xoxan düzəltmək cəhdlərinizin hamısı boşa çıxıb. Bu fəaliyyətiniz əks effekt verib və Azərbaycanda hicab qadağasının olması, Təhsil Nazirliyinin qarşısında hicaba azadlıq şüarı ilə keçirilən dinc aksiyada iştirak edənlərin həbslərinin qanunsuzluğu Qərb tərəfindən belə təsdiq edilib”.
Hacı T.Bağırov qeyd edib ki, hakimiyyətin dinc aksiyaları Qərbə islam radikalizmi kimi təqdim etməsi alınmayıb və inanclıların bu hərəkatı ölkədə demokratik islahatlar uğrunda hərəkatın tərkib hissəsinə çevrilib.
Məhbus ilahiyyatçı M.Cabbarova müraciətlə bildirib ki, hicab qadağası əvvəlki nazir Misir Mərdanovdan gəlməsə də, o, inanclıların yaddaşında çox pis ad qoyaraq nazir postundan gedib: “Onu əvəzləyən şəxs cavandır və sağlam düşüncəli təəssüratı bağışlayır. Onun da yaddaşlarda əvvəlki həmkarı kimi qalmaması üçün heç olmasa müəyyən çabalar göstərəcəyinə ümid edirik. İnsan öləndən sonra bu dünyada onu yaşadan yalnız buraxıb getdiyi xoş səda ola bilər. Çalışın, yaddaşlarda yaxşı insan kimi qalın, cənab Cabbarov”.
