İranın xarici işlər naziri deyib: Əminik ki, zənginləşdirmə davam edəcək və hər bir anlaşmada zənginləşdirmə onun bir hissəsi kimi olmalıdır.
Məhəmməd Cavad Zərif İranın 1-ci telekanalının günorta xəbəri ilə telefon bağlantısında deyib: Müzakirələrdə heç bir anlaşma yoxdur ki, bütün məsələlər üzərində razılıq olsun.
Zərif müzakirələrin detalları və onunla bağlı irəli sürülən ehtimallar barəsindəki suala cavabda deyib: Hazırkı həssas şəraitdə müzakirələrin radio və televiziyada deyil, həmin müzakirə otağında davam etməsinə icazə verin.
“Düşünürəm ki, nəticə çıxarmaq üçün tezdir. Çünki iki həftə öncə də xarici işlər nazirlərinin Cenevrəyə gəldiyini və 5+1 qrupundakı müxtəlif baxışlara görə anlaşmanı əldə etməyin mümkün olmadığını müşahidə etdiniz. Baxmayaraq ki, müsbət irəliləyişlər əldə etmişdik” –deyə Zərif əlavə edib.
İran xarici işlər nazirinin sözlərinə görə, müzakirə heyəti xalqın hüququna zərbə vuracaq və yaxud tamahkarlıq olacaq istənilən addım qarşısında mütləq müqavimət göstərəcəkdir.
İranın xarici işlər naziri sonda deyib: Ümidvarıq ki, hamı İran xalqının nümayəndələri ilə yalnız qarşılıqlı hörmət vasitəsi ilə nəticəni əldə etməyin mümkün olduğu qənaətinə gələcək.