İran İslam Respublikasının parlament heyəti şənbə günü günortadan sonra Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Lihamla görüşərək danışıqlar aparıb.
İRNA-nın Dəməşqdən verdiyi məlumata görə, Suriyaya səfər edən İranın parlament heyətinin başçısı İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi Suriya parlament sədri ilə görüşdən sonra jurnalistlərə bildirib: Biz İran İslam Respublikasının nümayəndəsi olaraq bir daha Suriyaya qarşı müharibə və istənilən hücuma qarşı olduğumuzu Suriya rəsmilərinə və dünya ictimaiyyətinə çatdırırıq.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: Ötən il amerikalılara rəsmən bildirdik ki, bizim məlumatlarımıza əsasən terrorçu qruplaşmaların ixtiyarında kimyəvi silahlar vardır. Lakin təəssüflər olsun ki, onlar İran İslam Respublikasının bu önəmli xəbərdarlığına etina etmədilər.
Brucerdinin sözlərinə görə, Suriyaya istənilən hücum və yaxud müharibə Suriya sərhədlərindən daha geniş olacaqdır.
Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Liham da bu görüşdə deyib: ABŞ-ın başında bizi məğlub etmək xülyası vardır. Halbuki Suriya dostları və onların başında İslam Respublikası olmaqla istənilən xarici hücumun qarşısında dayanır.
ABŞ və qərbin hədələrinin Dəməşqin daha da güclənməsinə səbəb olduğunu söyləyən əl-Liham əlavə edib: Suriyanın qüdrəti xalq, hökumət və ordudadır.
İran İslam Respublikasının parlament heyəti həmçinin bu gün Suriya prezident Bəşşar Əsəd, baş nazir Vail əl-Həlqi və xarici işlər naziri Vəlid əl-Müəllimlə ayrı-ayrılıqda görüşməlidir.
İran İslam Respublikasının parlament heyəti səfərin davamında Livana yola düşəcək və Livan rəsmiləri, o cümlədən bu ölkə parlamentinin sədri ilə danışıqlar aparacaq.