
Şahid məhbusun kim olduğunu dəhlizdə öyrəndi
2012-ci ilin oktyabr ayının 5-i Təhsil Nazirliyinin qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında saxlanılanlardan Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov, Davud Kərimov, Muraday Quluyev, Ceyhun Quliyev, Telman Şirəliyev, İlham Hətəmov və Anar Qasımlının məhkəmə iclası keçirilib.
Məhkəmədə şahid kimi Nərimanov RPİ-nin işçisi manqa komandiri Kərimov Nurlan çağırılıb.
Kərimov Nurlan: “5 oktyabrda, saat təxminən 10:30-da Təhsil Nazirliyinin qarşısında mitinq olacağı xəbəri aldıq və oraya getdik. Sonra gördük ki, şuarlar səsləndirən, plakatlar qaldıran bir qrup insan nazirlik tərəfə gəlir. Qarşılarını almağa çalışdıq, amma alınmadı. Əllərindəki plakatlarla bizi vuraraq irəliləyə bilirdilər.”
Dövlət ittihamçısı: “Zaldakı təqsirləndirilən şəxslərdən hansınısa orada görmüsünüz?”
Kərimov Nurlan: “Mən orda Ceyhunu görmüşəm. Əlində taxta var idi, hara gəldi vururdu.”
Ceyhun Quliyev: “Sən məni orda görmüsən? Yaxşı bax, gör tanıyırsan?”
Kərimov Nurlan: “Tanıyıram, hə əlində taxta görmüşəm.”
Ceyhun Quliyev: “Bəs niyə dəhlizdə bizi konvoy gətirəndə soruşdun ki, “Ceyhun hansıdır?” Məni göstərdilər, sən də dedin ki, “Hə, yaxşı, bildim.” Məni tanıyırdınsa niyə orda tanımadın, niyə soruşurdun?”
Kərimov Nurlan: “Elə-belə soruşurdum”
Hakim Abas Əliyev üzünü Kərimov Nurlana tutaraq yüksək səslə: “Sən nə danışırsan? Heç öz hərəkətindən xəbərin var? İfadə verməzdən qabaq içdiyin anda görə cavab verəcəksən. Bunun adını qeyd edin. Nə ixtiyarla konvoy keçərkən dəhlizdə olmusan və o sualı vermisən?”
Kərimov Nurlan: “Prosta elə-belə keçib soruşdum, başqa heç nə demədim.”
Hakim əsəbi şəkildə: “Böyük qələt elədin!”